SİYASƏT


“Rossiyskaya qazeta”da Azərbaycanın fəxri adlarına layiq görülmüş peterburqlulardan bəhs edilib

Moskva, 13 iyun, AZƏRTAC 

“Rossiyskaya qazeta”da Olqa Ştrausun Azərbaycanın fəxri adlarına layiq görülmüş peterburqlular haqqında “Ən yaxşılar layiq görülüb” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə qeyd edilir ki, tarixdə ilk dəfə öz doğma ölkəsinin hüdudlarından kənarda yaradıcılıqla məşğul olan Sankt-Peterburqun tam dörd sakini “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.

Prezident İlham Əliyev bu Sərəncamı mayın 27-də - Respublika Günü milli bayramı ərəfəsində imzalayıb. Mariinsk Teatrının solisti, metso-soprano Regina Rüstəmova, həmin teatrın balet truppasında aparıcı kişi rollarının ifaçısı Timur Əsgərov, Sankt-Peterburq Caz Filarmoniyasının solisti, gitaraçı Həsən Bağırov və Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova fəxri ada layiq görülüblər.

Bu artistlərin hər birinin maraqlı yaradıcılıq yolu, tərcümeyi-halı var. Məsələn, köklü leninqradlı olan Həsən Bağırov 1967-ci ildə bu şəhərdə doğulub, Sankt-Peterburq Xor Kapellasının nəzdində Xor Məktəbində və Musorqski adına məktəbdə təhsil alıb. O, “Sekret” rok-teatrında da fəaliyyət göstərib və bir çox beynəlxalq müsabiqələrin qalibi olub. Bağırov uzun müddətdir caz multiinstrumentalisti və bəstəkarı David Qoloşekinlə sıx əməkdaşlıq edir və hazırda Sankt-Peterburqun aparıcı caz ustalarından biri, bossa-novanın təkrarolunmaz ifaçısı və Co Pass üslubunda orijinal bəstəkar kimi tanınır.

On iki ildən çoxdur məşhur Mariinsk teatrının səhnəsində çıxış edən Regina Rüstəmova isə Azərbaycan vətəndaşıdır. Bakı Xoreoqrafiya Məktəbinin məzunu Timur Əsgərov Sankt Peterburqda balet ustasıdır. Elnarə Məmmədova da öz yaradıcılığına Bakıda başlayıb.

Lakin onların hamısını öz doğma ölkələrinə sevgi və minnətdarlıq hissi, Rusiya və Azərbaycanın mədəni həyatında fəal iştirak etmək arzusu birləşdirir.

Məqalə müəllifi hazırda Bakıda qastrol səfərində olan Elnarə Məmmədovaya telefonla zəng edə bilmədiyini, Həsən Bağırovun isə oktyabrda Azərbaycan paytaxtında keçiriləcək Beynəlxalq Caz Festivalında iştirak edəcəyini diqqətə çatdırır.

Fəxri ad alan Həsən Bağırov deyir: “Mən fəxr edirəm və sevinirəm. Əlbəttə, hər şeydən əvvəl Azərbaycan Prezidentinə və bütün Azərbaycan xalqına təşəkkürümü çatdırmaq istəyirəm. Bəli, Mən Sankt-Peterburqda doğulmuşam, Rusiya vətəndaşıyam, amma daha çox xoşdur ki, tarixi vətəndə öz həmvətənlərini unutmurlar”.

Regina Rüstəmova isə qeyd edir: “Çıxış etdiyim bütün tamaşaların proqramlarında bu fəxri adın yer alacağı mənim üçün çox vacibdir”. Onun sevimli partiyası isə Karmendir, məhz “Karmen” Reginanı opera sənətinin zirvələrinə aparan yaradıcılıq yolunun başlanğıcı olub.

“Azərbaycanın Əməkdar Artisti adının verilməsi mənim üçün böyük şərəfdir”, - deyə Regina qeyd edir. Əlbəttə, bu, gələcək fəaliyyətimiz, daha yüksək zirvələri fəth etməyimiz üçün mühüm təkan olacaq.

Timur Əsgərov da yüksək mükafatların gətirdiyi məsuliyyətdən söz açır. “Balet” jurnalında onun rəqsi haqqında yazılıb: “Yüngül tullanışla sanki göylərdə uçan rəqqas elastik-yumşaq fırlanma texnikasına, mürəkkəb keçidlərin aydın ifadəsinə, mənalı hərəkətlərə malikdir. Onun cəsarətli rəqsi artistizm və incə nüanslarla zəngindir. Bütün bunlarla yanaşı, onun yaraşıqlı olması da az əhəmiyyət kəsb etmir”. Timur özü isə deyir ki, sevimli partiyalarını seçməkdə çətinlik çəkir: o, obrazın xarakterini üzə çıxaran dramatik süjetlərə üstünlük versə də, bütün rollarını sevir.

T.Əsgərovun repertuarında Şərq koloriti olan “Məhəbbət əfsanəsi”, “Şurale”, “Xəyalların yolu ilə” baletləri xüsusi yer tutur.

Balet ustası hazırda Corc Balançinin “Cavahirat” baletində çıxış edir. Timur Əsgərova və xanımı Kristina Şaprana trilogiyanın yekun hissəsi olan “Brilyantlar” həvalə edilib. Sanki bu adın özü gənc rəqqasın istedadını xarakterizə edir.

Azərbaycan Respublikasının Sankt-Peterburqda baş konsulu Sultan Qasımov deyir: “Mədəniyyət sahəsində fəaliyyət göstərən istedadlı həmvətənlərimizin üzə çıxarılmasını fəaliyyətimin prioritet istiqamətlərindən biri hesab edirəm. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da bu mövqeyi dəstəkləyir.

Prezident İlham Əliyevin Sankt-Peterburqun dörd sakininə Azərbaycan Respublikasının Əməkdar Artisti adını verməsi bənzəri olmayan hadisədir. Bu məqamda Heydər Əliyev Fondunun böyük töhfəsi, Prezidentin Azərbaycan incəsənətini öz ölkəsinin hüdudlarından kənarda tanıdan həmvətənlərə şəxsi diqqəti xüsusi qeyd olunmalıdır.

Qeyd etmək lazımdır ki, Sərəncam bazar günü – Respublika Günü ərəfəsində imzalanıb. Zənnimcə, bu fakt Prezidentimizin ölkələrimiz arasında mədəni əlaqələrə, incəsənətin inkişafına verdiyi böyük əhəmiyyətin təzahürüdür”.

Baş konsulun sözlərinə görə, hazırda Sankt-Peterburqda yaşayan 400 minə yaxın azərbaycanlı şəhər həyatının müxtəlif sahələrində - sahibkarlıq və elm, təhsil və inşaatda çalışır. Lakin yüksək incəsənət – musiqi, opera, balet, insani və dövlətlərarası münasibətlərdə daha böyük əhəmiyyət kəsb edir. Məhz bu sahə insanları dil maneəsi olmadan birləşdirir, bir şəxsiyyətin ən yaxşı xüsusiyyətlərini – istedad, gərgin əmək, dinləyicilər və tamaşaçılarla qarşılıqlı anlaşma keyfiyyətlərini önə çıxarır.

Bu istiqamətdə fəaliyyət mütləq davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.