REGİONLAR


Naxçıvanda keçirilən “Hünər” XII vətənpərvərlik mahnıları festivalına yekun vurulub

Naxçıvan, 11 iyul, AZƏRTAC

İyulun 11-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvanın 2018-ci il üçün Gənclər Paytaxtı seçilməsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunan “Hünər” XII vətənpərvərlik mahnıları festivalının final konserti və qaliblərin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra festivalın final mərhələsinə vəsiqə qazanan iştirakçıların ifaları dinlənilib. Festivalda muxtar respublikanın şəhər və rayonlarından olan 18-29 yaşlı gənclər solo və musiqi aləti ilə xalq və estrada mahnıları ifa ediblər. İfalar festivalın münsiflər heyətinin üzvləri Azərbaycan Respublikasının Xalq artistləri Mübariz Tağıyev, Eldar Mansurov və Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu tərəfindən qiymətləndirilib.

Festivalın mükafatlandırma mərasimindən əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Azərbaycanın milli musiqi sənəti zəngin və çoxəsrlik tarixə malikdir. Yüksək musiqi duyumu ilə dünya xalqları içərisində seçilən xalqımızın yaradıcılıq istedadını, bədii təfəkkürünü özündə əks etdirən milli musiqi nümunələrimiz, xalq mahnılarımız min illərin sınağından keçərək bu gün də dünyaya səs salır, sevilə-sevilə dinlənilir, könülləri oxşayır. Həmçinin ölkəmizdə yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi də formalaşıb. Gənclərin bu zəngin irsi davam etdirməsi üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər görülür. Nazir vurğulayıb ki, mahnı festivalının keçirilməsi gənclər arasında Azərbaycanı tərənnüm edən vətənpərvərlik ruhlu xalq və bəstəkar mahnılarının təbliğ edilməsi, bu sahədə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və vətənpərvərlik hisslərinin yüksəldilməsi işində mühüm əhəmiyyətə malikdir.

Nazir çıxışının sonunda qalibləri təbrik edib və festival iştirakçılarına yeni-yeni uğurlar arzulayıb.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. Nazir müavini artıq ənənəyə çevrilən festivala marağın artmasını gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfə olduğunu deyib, istedadlı gənclərin üzə çıxarılması baxımından belə festivalların önəmini qeyd edib.

Sonra ilk üç yeri tutmuş iştirakçılara diplomlar və mükafatlar təqdim olunub. Festivalın fərqlənən iştirakçılarına da diplomlar və xatirə hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.