CƏMİYYƏT


Biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb

Bakı, 16 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), ölkəmizdə fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, ticarət palatalarının, istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu iqtisadi islahatlar proqramının milli iqtisadiyyatın postneft dövründə də davamlı inkişafına təminat yaratdığını vurğulayıb. Nazir bildirib ki, xüsusilə biznes və investisiya mühitinin yaxşılaşmasına və şəffaflaşmasına, sahibkarların maliyyə-institusional dəstəklə əhatə olunmasına yönələn ardıcıl və kompleks tədbirlər özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin 80 faizi ötməsinə səbəb olub. Sahil Babayev hökumətlə həmkarlar və işəgötürənlər təşkilatları arasında sosial tərəfdaşlığın xüsusi əhəmiyyətini diqqətə çatdıraraq qeyd edib ki, hazırda fəaliyyət göstərən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya bu sahədə qarşıda duran məsələlərin həlli sahəsində birgə fəaliyyəti təmin edir.

Nazir sosial tərəfdaşlarla, o cümlədən işəgötürənlər olaraq biznes strukturları ilə əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayaraq deyib: “Hazırda qarşımızda duran əsas vəzifələrdən biri muzdla, yəni əmək müqaviləsi əsasında çalışan məşğul əhalinin sayını artırmaqdır. Ölkədə pensiyaçıların sayının getdikcə artmasına adekvat olaraq həmin göstəricinin ilkin mərhələdə dünya üzrə orta göstərici həddinə çatdırılmasını, ümumilikdə, gələcəkdə bütün əmək münasibətlərinin leqal müstəvidə qurulmasını, işçilərin əmək haqlarının reallıqda olduğundan az rəsmiləşdirilməsi hallarına son qoyulmasını əməkdaşlığımızda başlıca hədəflər kimi müəyyən etməliyik. Bu, işçilərin gələcək sosial təminat hüquqlarının formalaşması ilə yanaşı, sosial sığorta daxilolmalarının əhəmiyyətli şəkildə artırılması nəticəsində vətəndaşlarımızın pensiya və müavinət təminatının daha da gücləndirilməsi baxımından olduqca vacibdir. Təbii ki, qeyri-leqal əmək münasibətlərinə görə inzibati tədbirlərə, müxtəlif cərimə mexanizmlərinin tətbiqinə ehtiyac qalmadan, ilk növbədə, biz bu istiqamətdə sahibkarlarla çox səmərəli əməkdaşlığın həyata keçiriləcəyinə və müsbət nəticələrin əldə olunacağına inanırıq”.

Görüşdə əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası sahəsində nazirlik tərəfindən müvafiq işlərin aparıldığını da qeyd olunub: “Doğrudur, özəl sektorda da əlilliyi olan şəxslərin işlə təmin edilməsi barədə bir çox nümunələr var. Amma biz istəyirik ki, ölkəmizin sahibkarları bu sahədə - əlilliyi olan şəxslərin onlar üçün münasib iş yerləri ilə təminatında korporativ sosial məsuliyyət prinsipinin yerinə yetirilməsi baxımından daha fəal rol oynasınlar. Hesab edirəm ki, hər bir sahibkar öz müəssisəsində imkan olduğu qədər əlil şəxslərin məşğulluğunu təmin etməklə sosial məsələlərin həllinə öz dəyərli töhfəsini vermiş olar. Təcrübə göstərir ki, əlillər hər hansı müəssisədə işə qəbul olunarkən daha əzmkarlıqla çalışır, göstərilən inamı layiqli şəkildə doğruldur”.

Özünüməşğulluq proqramının icrası işlərindən bəhs edən nazir bu sahədə də biznes qurumları ilə əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb. “Həmin proqram aztəminatlı ailələrin sosial yardımdan asılılığının aradan qaldırılmasına, onların kiçik biznesə çıxışına imkan verir. Sahibkarlarımız da alternativ olaraq müvafiq iş sahələrində mümkün olduğu qədər aztəminatlı ailələrin kiçik bizneslərini qurmalarına şərait yarada bilərlər. Bu sahədə aidiyyəti informasiyaları, habelə biznesin təşkili üzrə təlim kursu keçmiş şəxslər barədə məlumatları nazirlikdən almaq olar”, - deyə Sahil Babayev qeyd edib.

Nazir əmək yarmarkalarının təşkili, vakansiyalar barədə məlumatların məşğulluq orqanlarına təqdim edilməsi və digər sahələrdə biznes qurumları ilə əməkdaşlığın daha səmərəli və məqsədyönlü qurulmasının vacibliyini diqqətə çatdıraraq deyib: “Ümumilikdə məşğulluğun təminatında, inklüziv əmək bazarının inkişafında, qeyri-leqal məşğulluq hallarının leqallaşdırılmasında biznes qurumları ilə sosial tərəfdaşlıq müstəvisində birgə səylər artırılmalıdır”.

ASK-nın prezidenti Məmməd Musayev hazırkı görüşün hökumətlə biznes strukturları arasında əmək bazarının tənzimlənməsi, layiqli əməyin təminatı, əmək bazarı iştirakçılarının maraq və mənafelərinin təminatı istiqamətində fəal əməkdaşlığın bir təzahürü kimi faydalı olduğunu vurğulayaraq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyət müstəvisinin genişləndirilməsinin məqsədyönlü ola biləcəyini qeyd edib.

Biznes qurumlarının nümayəndələri sahibkarlığın dəstəklənməsi sahəsində aparılan uğurlu dövlət siyasətindən razılıqlarını bildirib, sosial məsələlərin həllində hökumətlə əməkdaşlığı genişləndirmək əzmində olduqlarını söyləyiblər.

Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər qeyd edilib, biznes qurumlarının sualları cavablandırılıb.

Görüşdə qarşılıqlı məlumat mübadiləsi və biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.