İDMAN


Azərbaycan Voleybol Federasiyasının prezidenti dünya çempionatına hazırlaşan qadınlardan ibarət yığmamızla görüşüb

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov dünya çempionatının hazırlıqlarına başlayan qadınlardan ibarət voleybol millimizin üzvləri ilə görüşüb.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dərnəgül Voleybol Mərkəzində keçirilmiş görüşdə əsas yığma ilə yanaşı, ikinci heyətin üzvləri və federasiya rəsmiləri də iştirak ediblər.

Voleybolçuların problemləri ilə maraqlanan AVF-in prezidenti bildirib ki, dünya çempionatından əvvəl kollektivdə əhval-ruhiyyə yüksək olmalı və komanda mundialda özünü yaxşı göstərməlidir: “Yığmamızı qarşıda dünya çempionatı gözləyir. Sentyabrın 29-dan oktyabrın 20-dək voleybol dünyasının ürəyi Yaponiyada döyünəcək. Avropa çempionatında medalçılar sırasına düşə bilmədik. Bunu mən bir qədər şanssızlıq adlandırardım. Amma ümid edirəm ki, komanda mundialda özünü yaxşı göstərəcək”.

Millimizin Qızıl Avropa Liqasındakı çıxışını da dəyərləndirən C.Qurbanov bu yarışın gənclərimizin inkişafda olduğunu ortaya qoyduğunu vurğulayaraq deyib: “Qızıl Avropa Liqasında gənclərə güvəndik. Polina Rəhimova, Valeriya Məmmədova və başqa təcrübəli voleybolçularımız heyətdə yer almasalar da, gənclər özlərini doğruldublar. Bəziləri yığmada ilk matçlarına çıxsalar belə, oyunlarından razı qaldım və onlar inkişafdadırlar. Bunlar məni sevindirir. İnanıram ki, qarşıdakı yarışlarda daha güclü olacağıq və lazımi nəticəni qazanacağıq”.

Qeyd edək ki, yığmamızın voleybolçuları iyulun 9-dan toplaşıblar. İlk üç gündə tibbi müayinədən keçmiş voleybolçularımız iyulun 12-dən fiziki hazırlığa başlayacaqlar. Komandamız iyulun ortalarında isə Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.