ELM VƏ TƏHSİL


YT Park-ın əməkdaşları innovasiyaların sənayedə tətbiqi sahəsində beynəlxalq təcrübəni öyrənirlər

Bakı, 13 iyun, AZƏRTAC

Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutunun (STEPI) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzi (IICC) nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) əməkdaşları üçün təlim-seminara başlayıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, "Elm texnologiyaları, innovasiya siyasəti və sənayesi" mövzusunda keçirilən təlimdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev seminarın ənənə hal aldığını bildirib. O, elm, texnologiya və innovasiya potensialının artırılmasının ölkə iqtisadiyyatının əsas prioritet istiqaməti olduğunu söyləyib. V.Babayev qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin iki ölkə arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaqdır.

Sonra təlimlər qrupunun rəhbəri Eunjoo Kim 1987-ci ildə yaradılan STEPI-nin Koreyanın elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynadığını, bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirdiyini deyib. Bildirib ki, 2014-cü ildə STEPI-nin nəzdində yaradılan Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzi Koreyanın elm, texnologiya və innovasiya sahəsindəki təcrübəsini tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmaqda maraqlıdır.

Üç gün davam edəcək seminarda “Elm texnologiyası siyasətinin həyata keçirilməsi”, “Elm, texnologiya və innovasiya parklarının idarə edilməsi”, “Milli regional innovasiya sisteminin yaradılması” kimi mövzulara toxunulacaq. Elm, texnologiya və innovasiya siyasətinin milli innovasiyada oynadığı mühüm rol, Koreya iqtisadiyyatını yüksəltməyə yönəlmiş elm, texnologiya və innovasiya siyasətində əldə olunan nailiyyətlərə dair məruzələr dinləniləcək.

Həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti və qarşılaşdığı problemlər müzakirə olunacaq. Seminarda Koreyanın texnologiya transferi və kommersiyalaşdırılması siyasəti və Azərbaycanda bu sahədə mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaq.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.