İDMAN


“Rusiya 2018”: Bu gün qrup mərhələsinin üçüncü turuna start verilir

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on ikinci günündə “A” və “B” qruplarında üçüncü turun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk oyunlarında “A” qrupunda yer alan dünya çempionatının ev sahibi Rusiya və Uruqvay, Səudiyyə Ərəbistanı və Misir komandaları üz-üzə gələcəklər.

Rusiya-Uruqvay görüşü “A” qrupunun liderini müəyyənləşdirəcək. Görüş “Samara Arena”da keçiriləcək. Rusiya və Uruqvay komandaları bu vaxta kimi üç dəfə qarşılaşıblar. İki oyunda qalib tərəf Uruqvay, bir dəfə isə Rusiya millisi olub. Görüşü seneqallı Malanq Diyedu idarə edəcək.

Ümumiyyətlə, Rusiya millisi dünya çempionatlarının final mərhələlərində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar ev sahibliyi etdikləri mundiala qədər dünya çempionatlarında sonuncu qələbəni 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.

İki dəfə dünya çempionu olan Uruqvay yığması (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.

X X X

Qrupunun digər oyunu isə mundialda səkkizdəbir finala çıxmaq şansını itirən Səudiyyə Ərəbistanı və Misir yığmaları arasında baş tutacaq. Səudiyyə Ərəbistanı millisi dünya çempionatının açılış oyununda Rusiya yığmasına (0:5), ikinci turda isə Uruqvay millisinə (0:1) məğlub olub. Misirdə, həmçinin Rusiyaya 1:3, Uruqvaya isə 0:1 hesabı ilə uduzub.

Görüş “Volqoqrad Arena”da keçiriləcək. Kolumbiyalı Vilmar Roldan oyunun baş hakimi seçilib.

Misir yığması 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak edir.

Səudiyyə Ərəbistanı yığması isə 1994-cü, 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda mübarizə aparıb. Qatıldığı ilk çempionatda qrup ikincisi kimi səkkizdəbir finala yüksələn Səudiyyə Ərəbistanı millisi bu mərhələdə İsveçə 1:3 hesabı ilə məğlub olub. Səudiyyə Ərəbistanı mundiallarda sonuncu qələbəsini 1994-cü ildə Belçika üzərində əldə edib - 1:0.

“A” qrupun hər iki oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Rusiya-Uruqvay oyunu İdman Azərbaycan kanalında, Səudiyyə Ərəbistan-Misir oyunu isə İctimai və Azərbaycan televiziyalarında canlı yayımlanacaq.

X X X

“B” qrupunda üçüncü tura saat 22:00-da başlayacaq iki görüşlə yekun vurulacaq. Həmin görüşdə İran Portuqaliya ilə, İspaniya isə Mərakeş millisi ilə qarşılaşacaq. “B” qrupunda İran, Portuqaliya və İspaniya yığmalarının mundialın play-off mərhələsinə çıxmaq şansları böyükdür. Mərakeşlilərin iki oyun dalbadal məğlubiyyətdən sonra səkkizdəbir final mərhələsinə çıxmaq şansları yoxdur.

İran və Portuqaliya bu günədək bir dəfə üz-üzə gəliblər. Həmin görüş 2006-cı ildə Almaniyada keçirilən mundiala təsadüf edir. Görüş Portuqaliya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İranlılar qrup mərhələsini adlasa, bu milli komandanın tarixində ən yüksək nailiyyət olacaq. Bu oyunda İran yığmasına yalnız qələbə lazımdır.

Qeyd edək ki, İran yığması ilk dəfədir ardıcıl olaraq iki dünya çempionatına vəsiqə qazanır. İndiyədək dörd dəfə dünya çempionatında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb.

İndiyədək altı dəfə dünya çempionatına qatılan Portuqaliya yığması isə 1966-cı ildə üçüncü, 2006-cı ildə isə dördüncü yeri tutub. 1966-cı ildəki mundialda Portuqaliya futbolunun əfsanəsi Eysebio 9 qolla bombardir olub.

“Mordoviya Arena”da keçirilən qarşılaşmanı paraqvaylı Enrike Kaseres idarə edəcək.

X X X

Qrupun digər oyununda mundialın favoriti sayılan İspaniya millisi Mərakeş yığması ilə üz-üzə gələcək. Mərakeşlilər iki oyun ardıcıl məğlubiyyətdən sonra səkkizdəbir final mərhələsinə çıxmaq şanslarını itiriblər. İspaniya və Mərakeş bu vaxta kimi heç vaxt qarşılaşmayıblar. İspaniya millisi “Kalininqrad” stadionunda keçirilən oyunda play-off mərhələsinə çıxmaq üçün paralel keçən oyundan asılı olmayaraq mütləq qələbə qazanmalıdır. Maraqlı bir məqam odur ki, Mərakeş millisi bu günədək qatıldığı 5 mundialda iki qələbə qazanıb. Hər iki qələbə qrup mərhələsinin sonuncu turunda qazanılıb. Mərakeş millisi 1986-cı ildə Portuqaliyanı (3:1), 1998-ci ildə isə Şotlandiya yığmasını məğlub edib.

Görüşü özbəkistanlı Ravşan İrmatov idarə edəcək.

Mərakeş yığması sonuncu dəfə mundialda 20 il əvvəl təmsil olunub. Bu mundial Mərakeş milli komandasının qatıldığı beşinci dünya çempionatıdır. Mərakeşlilərin dünya çempionatlarında ən yüksək göstəricisi 1986-cı ildə səkkizdəbir finala yüksəlməyi olub. Həmin mərhələdə polşalılara 4:2 hesabı ilə məğlub olaraq mundialda mübarizəni dayandırıblar.

İspaniya yığması isə 2010-cu ildə dünya çempionatının qalibi olub, ispanlar 15-ci dəfədir mundialda çıxış edir.

“B” qrupunun sonuncu oyunları Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. İspaniya-Mərakeş oyunu Azərbaycan Televiziyasında, İran-Portuqaliya yığmalarının görüşü isə İdman Azərbaycan və İctimai Televiziyada canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.