REGİONLAR


Qərb bölgəsində Mərakeş çəyirtkəsinə qarşı kimyəvi mübarizə tədbirlərinə start verilib

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-dan etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri Tovuz, Qazax, Ağstafa, Şəmkir və Samux rayonlarını əhatə edən Ağdağ və Ceyrançöl ərazilərində, eyni zamanda, Gürcüstan ilə həmsərhəd olan Qazax rayonunun Şıxlı kəndi ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlayıblar.

Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir rayonunda 2000 hektar, Tovuz rayonunda 2500 hektar, Ağstafa rayonunda 2100 hektar, Samux rayonunda 600 hektar və Qazax rayonunda 800 hektar sahədə (ümumilikdə 8000 hektar) aparılmış monitorinqlər nəticəsində bu ərazilərin 5400 hektarında sirayətlənmə aşkar edilib və kimyəvi mübarizə tədbirlərinə start verilib. Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçikhəcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsilə həyata keçirilir.

Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilir. Bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir.

Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdir. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara bir daha xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər adıçəkilən zərərvericilər müşahidə edilərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.

Qeyd edək ki, son günlər Gürcüstan və Ermənistan ərazisində, eləcə də işğal olunmuş torpaqlarımızda sürü halında yaşayan İtaliya və Mərakeş çəyirtkələrinin aktivliyi müşahidə edilməkdədir. Bu zərərvericilərin Azərbaycan ərazisinə miqrasiya etmə ehtimalı olduğu üçün Dövlət Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi gücləndirilmiş iş rejiminə keçərək sərhədyanı ərazilərdə monitorinqlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.