REGİONLAR


Polis general-leytenantı Oruc Zalov: Gəncədə şəhid olan polis əməkdaşları dövlətçiliyə sadiqlik göstəriblər

Gəncə, 11 iyul, AZƏRTAC

Polis əməkdaşları Gəncədə və ölkədə sabitliyin qorunması üçün öz andlarına sadiq qalıb, dövlətçiliyə sadiqlik göstəriblər. Onlar şəhidlik zirvəsinə yüksələrək minlərlə insana bildiriblər ki, cinayətkarlığa aman verilməyəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov ilə keçirilən vida mərasimində daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib.

Daxili işlər nazirinin müavini deyib ki, şəhid olan zabitlər polis şərəfini ləyaqətlə qoruyublar. Hər iki polis əməkdaşı uzun illər daxili işlər orqanlarında şərəflə xidmət ediblər. İlqar Balakişiyev 35 il daxili işlər orqanlarında xidmət edib, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib, dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. İlqar Balakişiyev ulu öndər Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. O, Gəncə şəhərinin sakinləri arasında böyük hörmətə malik olub. Nümunəvi xidmət göstərərək sübut edib ki, əsl polis işçisi necə olur.

Şəhid qardaşımız Səməd Abbasov da şərəfli bir xidmət yolu keçib. Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilən Səməd Abbasov daim kollektivdə nümunəvi xidməti ilə fərqlənib. Gəncə sakinləri olan hər iki polis qardaşımızı bu gün son mənzilə yola salırıq. Bu, bizim üçün, gəncəlilər üçün böyük itkidir. Lakin mən inanıram ki, İlqar Balakişiyev və Səməd Abbasovun xatirəsi heç vaxt yaddan çıxmayacaq. Onların keçdiyi şərəfli xidmət yolu yoldaşları, Gəncə sakinləri tərəfindən daim xatırlanacaq. İnanıram ki, gənclər onlardan nümunə götürüb ölkədə əmin-amanlığın qorunması üçün yeri gəlsə, canlarını belə əsirgəməyəcəklər. Ruhları şad olsun, ailələrinə səbir diləyirəm".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.