İDMAN


Nurlan Aslanov: Azərbaycanda Kunq-Fu idmanının inkişafı üçün mühüm tədbirlər həyata keçiriləcək

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Kunq-Fu Federasiyasının yeni seçilən prezidenti Nurlan Aslanov qarşıda duran hədəflər və nəzərdə tutulan tədbirlər barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Ölkəmizdə idmana və idmançılara dövlət qayğısı ilbəil artmaqdadır. Prezident İlham Əliyev daim idmançılara xüsusi diqqət və qayğı göstərir, onların sosial-məişət problemlərinin həllinə dəstəyini əsirgəmir. Ümumiyyətlə, Azərbaycanda idman sahəsində aparılan islahatları necə şərh edərdiniz?

- Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənc nəslin sağlamlığına xüsusi diqqət yetirib, idmanın inkişafına yüksək qayğı göstərib. Təsadüfi deyil ki, Ümummilli Liderin Azərbaycanda hakimiyyətə qayıdışından sonra yaratdığı ilk dövlət qurumlarından biri də Gənclər və İdman Nazirliyi oldu.

Ölkəmizdə Olimpiya hərəkatının, o cümlədən idmanın inkişafında əsas mərhələ 1997-ci ildən başlanıb. Həmin il İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra idmanda əsaslı inkişaf müşahidə olunmağa başlandı. İlham Əliyevin MOK prezidenti seçilməsindən sonra Azərbaycan beynəlxalq Olimpiya hərəkatına daha fəal qoşularaq idman potensialını yeni mərhələdə nümayiş etdirdi. Buna 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında respublikamızın 2 qızıl, 1 bürünc medal qazanaraq 199 ölkə arasında 34-cü yeri tutmasını misal göstərmək olar.

Cənab İlham Əliyevin 2003-cü ildə ölkə prezidenti seçilməsindən sonra da MOK-un rəhbəri vəzifəsində qalması dövlətimizin başçısının idmanın və Olimpiya hərəkatının inkişafına, gənclərin sağlamlığına, onların bədən tərbiyəsi və idmanla daha yaxından məşğul olmalarına göstərdiyi diqqət və qayğının davam etdirilməsinə şərait yaratdı.

Ümummilli lideri Heydər Əliyevin başladığı və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələr kimi idmanın tərəqqisinə də müsbət təsir göstərib. Çox fərəhləndirici haldır ki, bu gün idmana dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi bunu deməyə əsas verir. Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Bu, danılmaz həqiqət və təsdiq olunmuş faktdır.

- Bu yaxınlarda Azərbaycan Kunq-Fu Federasiyasının idarə heyətinin iclası keçirildi və yeni təyinatlar oldu. Sonuncu iclasda qəbul olunan qərarların əsas hədəfi nədir?

- Qeyd etdiyiniz kimi, bu yaxınlarda Azərbaycan Kunq-Fu Federasiyasının rəhbər heyətində dəyişikliklər oldu. İdarə heyətinin iclasında aparılan müzakirələrdən sonra mən federasiyaya prezident təyin olundum. Qurumun fəaliyyəti təhlil edilərkən hansı istiqamətlərdə boşluqların olduğu aydınlaşdırıldı. Bunlar nəzərə alınaraq federasiyaya yeni vitse-prezidentlər təyin olundu. Milli komandamızın heyətində əvvəllər uğurla çıxış edən, öz çəki dərəcələrində ən güclü olan idmançıların uğur qazana bilmədiklərini nəzərə alaraq baş məşqçi postunda dəyişiklik edildi. Yeni baş məşqçimiz peşəkar idmançıların yetişdirilməsində böyük təcrübəyə malikdir. Belə ki, onun yetirmələri Avropa və dünya çempionatlarının qalibləri olublar. Müxtəlif yaş kateqoriyaları üzrə komandaların da baş məşqçiləri vəzifələrində dəyişiklər edildi. Mayın 27-də respublika çempionatı təşkil olunacaq və bu yarışdan sonra müxtəlif yaş kateqoriyalarında heyətin formalaşdırılması istiqamətində mühüm addımlar atılacaq.

- Azərbaycanda idmanın bu növünün kütləviləşməsi istiqamətində hansı addımlar atılır?

- İlk növbədə, federasiyaya üzv olmayan, ancaq idmanın bu növü ilə məşğul olan qrupları müəyyənləşdirdik. Siyahıyaalınma başa çatdıqdan sonra onlara federasiyanın nəzdində klub kimi fəaliyyət göstərməyə icazə verildi. Əvvəllər beş klub rəsmi olaraq federasiyada qeydiyyatdan keçmişdisə, indi bu say 26-ya çatıb.

Kütləviliyin artırılması istiqamətində planlarımız çoxdur. Əsas məqsədlərimizdən biri də regional məşqçilərin təyin olunmasıdır. Eləcə də region klublarının sayının artırılması qarşımıza qoyduğumuz planlardan biridir. Cəlilabad, Mingəçevir, Gəncə, Naxçıvan, Sumqayıt, Qazax və Xaçmazdan olan qruplarımız fəallıqları ilə seçilirlər. Ancaq biz qruplarımızın Azərbaycanın bütün ərazisini əhatə etməsini istəyirik ki, rəqabətlilik güclü olsun.

Əsas hədəfimiz uşaqların idmanın bu növünə geniş cəlb olunmasıdır. Biz Təhsil Nazirliyi ilə danışıqlar aparırıq ki, yeni dərs ilindən etibarən məktəblərdə kunq-fu idman növü üzrə məşğələlər təşkil olunsun. Onları sağlam həyat tərzinə dəvət edirik. Bu layihəni təkcə orta məktəblərdə deyil, ali təhsil müəssisələrində də tətbiq etmək istəyirik.

- Kunq-fu üzrə irimiqyaslı turnirin ölkəmizdə təşkili nəzərdə tutulurmu?

- Qeyri-Olimpiya idman növləri üzrə federasiyalar arasında həmişə sağlam rəqabət var. Rəqabət sayəsində federasiyalar inkişaf edir və böyük uğurlar imza atırlar. İrimiqyaslı turnirlərin ölkəmizdə təşkili istiqamətində artıq fəaliyyətə başlamışıq. Bu istiqamətdə danışıqlar gedir. Ancaq indidən bu haqda danışmaq çox tezdir.

Qarşıda idmançılarımızı ciddi sınaqlar gözləyir. İdmançılarımız mayın 27-də Azərbaycan çempionatında, iyulda Avropa çempionatında, daha sonra dünya çempionatında iştirak edəcəklər. Bundan başqa, idmançılarımız beynəlxalq turnirlərə də qatılacaqlar. Ölkə çempionatında müxtəlif yaş kateqoriyaları üzrə 400-dən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq.

- Kunq-fu idmanında əsasən hansı cəhətlərə diqqət yetirilir və idmanın bu növü ilə məşğul olmaq istəyən uşaqların yetişdirilməsi üçün nə kimi işlər görülür?

- İdman insanda nizam-intizamı və dəqiqliyi formalaşdıran amillərdən biridir. Bunu bir çox döyüş növlərinə şamil etmək olar. Kunq-funun da əsas cəhəti insanın diqqətinin cəmləşdirilməsi, fiziki sağlamlığının qorunması və daxili gücünün ruhu ilə vəhdət təşkil etməsidir. İdmanın bu növünün inkişafı istiqamətində konkret planımız var və biz bu istiqamətdə mühüm tədbirlər həyata keçirəcəyik. Əsas prinsiplərimizdən biri idmanın bu növünə əhalinin marağını artırmaq və onları sağlam həyat tərzinə təşviq etməkdir. Kunq-fu döyüş sənəti olduğu üçün daxili inam və güc tələb edir. İnsanın öz iradəsinə qalib gəlməsi onun həyatının bir çox məqamlarında özünü yaxşı tərəfdən göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.