CÜMHURİYYƏT - 100


DİN-də Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov XX əsrin əvvəllərində regionda yaranmış mürəkkəb geosiyasi şəraitdə Şərqdə ilk dəfə məhz Azərbaycanda demokratik respublika yaradılmasını qədim dövlətçilik ənənələrinə malik xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən qüdrətli dövrünü yaşayan, bölgədə söz, dünyada nüfuz sahibinə çevrilən gənc dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, müstəqillik, suverenlik, demokratik ideallarını və prinsiplərini layiqincə davam etdiridiyini xüsusi vurğulayıb.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov qısa zaman kəsiyində milli hökumətin gördüyü işlər, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun şərəfli döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, görkəmli dövlət və ictimai xadimlərin gərgin diplomatik səyləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti demokratik respublika kimi özünü təsdiqləyə bilib.

Diqqətə çatdırılıb ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunduğu İstiqlal Bəyannaməsinin qəbulundan sonra Cümhuriyyətin ilk parlamenti seçilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsdiqlənib, ana dili dövlət dili elan edilib. Həmçinin dövlət quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmini üçün mühüm tədbirlər həyata keçirilib.

Məruzədə xüsusi vurğulanıb ki, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu ənənələr davam və inkişaf etdirilib, milli intibahın və özünüdərkin əsasları yaradılıb. Ümummilli Liderin yüksək təşkilatçılıq və liderlik keyfiyyətləri, prinsipial mövqeyi və iradəsi nəticəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edilib.

Tədbirə yekun vuran nazir Ramil Usubov Azərbaycan Xalq Cümhuriyyəti dövründə yarımçıq qalmış bir çox işlərin, gerçəkləşməyən planların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl, məqsədyönlü şəkildə həyata keçirildiyini, ordu, dövlət quruculuğu, qlobal infrastruktur layihələri, sosial və iqtisadi sahələrdə reallaşdırılan qətiyyətli və uzaqgörən tədbirlər nəticəsində güclənmiş dövlətimizin, qüdrətli Ordumuzun tezliklə torpaqlarımızı işğalçılardan təmizləyəcəyinə, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edəcəyinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.