CƏMİYYƏT


Cənubi Qafqazın ən böyük qorunan ərazisində bir gün...

Bakı, 24 iyun, G.Mahmudlu, AZƏRTAC

Yəqin ki, hər kəs Xalq Şairi Süleyman Rüstəmin “Azərbaycana gəlsin” şeirindəki “Cənnət görmək istəyən Azərbaycana gəlsin!” misrasını yaxşı xatırlayır. Əbəs yerə deyilməyib bu sözlər... Ölkəmizin behiştə bənzəyən neçə-neçə bölgəsi, rayonu var...

Füsunkar təbiət, əlçatmaz dağlar, yamyaşıl meşələr, təmiz hava... Şəhərin səs-küyündən və istisindən bir günlük də olsa, uzaqlaşıb təbiətin gözəlliyindən həzz almaq üçün iyunun 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təbiət evimizdir” layihəsi çərçivəsində yolumuzu Şahdağ Milli Parkına saldıq.

AZƏRTAC xəbər verir ki, Cənubi Qafqazın ən böyük qorunan ərazisi olan Şahdağ Milli Parkı 2006-cı il dekabrın 8-də Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının ərazisində yaradılıb. Sahəsi 130 min 508 hektara bərabər olan xüsusi mühafizə olunan təbiət ərazisində meşələr, əsasən, iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlib. Milli parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılıb. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı qorunur.

Milli Parkın Şabran rayonunda inzibati binası və ekoturizm mərkəzi, əhatə etdiyi inzibati rayonların hər birində isə müasir tələblərə cavab verən nəzarət buraxılış məntəqələri fəaliyyət göstərir.

Milli parkın ərazisində 49 marşrut var. Kütləvi informasiya vasitələrinin nümayəndələri Şabrandakı inzibati bina və ekoturizm mərkəzi ilə tanış olduqdan sonra milli parkın Quba bölməsində 13 marşrutdan biri olan Xanagaha səyahət ediblər. Yaşıl meşə, şırhaşır axan Girdah, Cağacıq, Xanagah çayları, Xanagah şəlaləsi... Yol aldığımız marşruta doğru bəzən dar çığırlarla hərəkət edir, bəzən çayların üstündəki taxta körpüləri keçirdik. Yolboyu hər kəs qarşısına çıxan əsrarəngiz mənzərəni kameraların yaddaşına köçürməyə tələsirdi. Hər addımda qarşımıza çıxan gözəlliyi geri qayıtdıqdan sonra yaxınlarımızın görməsini üçün yarışırdıq sanki...

Xanagah marşrutu üzrə turistlər üçün ayrılmış piknik yeri isə sözün əsl mənasında valehedici idi. Meşə, yaşıllıq, Xanagah çayı və şəlaləsi... Təbiətin gözəlliyi ilə ruhən qidalana biləcəyiniz məkan. Burada tariximizi əks etdirən atributlara da rast gələ bilərsiniz. Möhtəşəm mənzərə əhatəsində çayın kənarında oturub onun səsini dinləməklə ana təbiətin nəvazişini hiss etmək, sehirli aləmə düşmək mümkündür. İllərin yorğunluğundan qurtulmaq və gündəlik qayğıları bəlkə də bir neçə saatlıq da olsa, unutmaq istəyənlər üçün ən doğru seçimlərdən biridir bura...

Cənnəti xatırladan bu məkandan yenidən görüşmək ümidi ilə ayrıldıq...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.