İQTİSADİYYAT


Beş ayda Azərbaycana 184 ölkədən 1 milyon 55,6 min əcnəbi gəlib

Bakı, 22 iyun, AZƏRTAC

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 29,3 faizi Rusiya Federasiyası, 22 faizi Gürcüstan, 12,1 faizi İran, 11,3 faizi Türkiyə, 4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,8 faizi İraq, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,8 faizini kişilər, 32,2 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 17,6 faizi yanvar, 15,8 faizi fevral, 26,2 faizi mart, 20,7 faizi aprel, 19,7 faizi isə may ayında ölkəyə gəlib.

Cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8 faiz artıb. İrandan gələnlərin sayında 11,3 faiz azalma müşahidə edilib.

Beş ayda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,6 faiz artaraq 42,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,4 faiz artaraq 367,4 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1645,6 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,5 faizi İrana, 21,7 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,3 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,6 faizi kişilər, 30,4 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 15,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 11,7 faiz, Gürcüstana gedənlərin sayı 2,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,7 faiz azalıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,8 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.