İQTİSADİYYAT


Azərbaycanın bölgələrində - Quba, Qusar və Xaçmazda ən yaxşı parklar

Bakı, 22 iyun, AZƏRTAC

Şəhər parkları – daş cəngəlliklərdəki vahələr istirahətə gələnləri öz xüsusi sakit ab-havasıyla cəlb edir, onları əsrlərcə yaşı olan ağacların kölgəsində əyləşməyə və fəvvarələrdəki suyun şırıltısından həzz almağa dəvət edir. Azərbaycanın bölgələrindəki parklar abadlığına görə paytaxt parklarından nəinki seçilmir, hətta bəzən onları üstələyir. Bu parklardan bəzilərinin 100-dən çox yaşı var, bəziləri isə bu yaxınlarda istifadəyə verilib, bəzi şəhər bağçaları yığcamlığı, bəziləri isə müxtəlif infrastruktura malik nəhəng kompleksləri ilə fərqlənir.

Gəlin, bu barədə təfsilatı ilə danışaq.

Quba şəhərinin Mərkəzi meydanında yerləşən park

Bu park tam bərpadan sonra 2012-ci il iyulun 15-də istifadəyə verilib və qubalıların sevimli istirahət mərkəzinə çevrilib. Sahəsi 2 hektaradək genişləndirilən park şəbəkəli söhbətgahlar, palıddan hazırlanmış skamyalar, gözəl çıraqbanlıqla bəzədilib. Park yaşıllığa qərq olunub: burada əzəmətli söyüdlər, yaşıl küknarlar, qoca çinarlar, rəngarəng çiçək ləkləri yetişdirilir. Parkın ərazisində çoxsaylı uşaq attraksionları – dəmir yolu, “Vertolyotik” karuseli, yelləncəklər, qum qabları quraşdırılıb. Parka gələnləri musiqili fəvvarə, ana və uşaq kafesi, həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamında konsert proqramları gözləyir. Axşamlar park bura dincəlməyə, musiqiyə qulaq asmağa, xudmani çayxanada çay içməyə, stolüstü oyunlar oynamağa və yaxınları ilə ünsiyyətdə olmağa gələn insanlarla dolu olur.

Quba şəhərində Nizami adına park

Deyilənə görə, şəhərin ən qədim parkı sayılan Nizami parkını almanlar 1946-cı ildə salıblar. Ərazisi başdan-başa yaşıllıq olan parkdakı ağacların kölgəsində fəvvarələr şırıldayır. Parka dincəlməyə gələnlər asudə vaxtlarını çayxanalarda, bilyard oynamaqla və ya skamyalarda dincəlməklə keçirirlər. Parkda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi qoyulub. Abidənin ətrafında xiyaban boyunca ədibin ən məşhur əsərlərindən süjetləri əks etdirən barelyeflər düzülüb.

Nizami adına Parkda diqqəti çəkən mərkəzi bina 2011-ci ilin sentyabrında tikilmiş ikimərtəbəli Quba Şahmat Məktəbidir. Məktəbin birinci mərtəbəsində yerləşən kompüter zalı və 6 məşq otağı simsiz internet şəbəkəsi ilə təchiz edilib. İkinci mərtəbədə 300-350 şahmatçının eyni vaxtda yarışa biləcəyi zal yerləşir. Yeri gəlmişkən, əsas zalda keçirilən bu yarışları monitorlar vasitəsilə də izləmək mümkündür. İkinci mərtəbədə, həmçinin hazırlıq otaqları və inzibati otaqlar yerləşir.

Parkda gəzərkən, sovet eklektikası üslubunda qızılı rəngli abidələrlə - üzüm yığan qadın, əlində top olan qız, tennis raketi tutan yeniyetmə, fəhlə və s. bəzədilmiş pilləkənlə Qudyalçay üzərindən keçən qədim tağşəkilli körpüyə enmək mümkündür. Piyada körpüsü yolçuları dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbəyə aparıb çıxarır.

Qusar şəhərində Nəriman Nərimanov adına park

Azərbaycanın şimalında, Qusar şəhərində yerləşən Nəriman Nərimanov adına mərkəzi mədəniyyət və istirahət parkı ölkədə ən qədim parklardan sayılır. 1853-cü ildə yaradılan bu park 1963-cü ildə Azərbaycan Respublikasının ən yaxşı parkı adına layiq görülüb.

Qədim parkların üstünlüyü əsasən onların florasıdır, buradakı nəhəng ağaclardır. Ərazisi 3 hektardan çox olan Qusar mədəniyyət və istirahət parkında palıd, şabalıd, fıstıq, göyrüş, cökə, çaytikanı, zoğal, alça, yemişan və s. yetişir. Parkın müxtəlif otluluqları arasında hətta yabanı soğan və sarımsağa da rast gəlmək mümkündür. Təbiətin bu guşəsi xeyli sayda quşlar, o cümlədən sığırçın, dolaşa, qaratoyuq, göyərçin, qızılquş və digərlərinin məskənidir.

Parkda Azərbaycan yazıçısı, ictimai və siyasi xadim Nəriman Nərimanovun heykəli ucaldılıb. Buradakı Qəhrəmanlar Xiyabanında Qusar rayonunun sakini, Böyük Vətən müharibəsi qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin abidəsi qoyulub.

Kölgəli xiyabanlar arasında skamyalar, müxtəlif abidələr, fəvvarə quraşdırılıb. Parkdakı səhnədə bayram günlərində mədəniyyət xadimlərinin çıxışları olur. Ətrafda kafe, veteranlar evi fəaliyyət göstərir.

Xaçmaz şəhərində Heydər Əliyev Seyrəngahı

Qusarla qonşu olan Xaçmaz şəhərinin parkları özünün tərtibatı ilə paytaxtın hətta ən təcrübəli, dünyagörmüş sakinlərini də heyrətləndirməyi bacarır. Bunlardan biri 2 kilometr uzunluğunda və ümumi sahəsi 5 hektar olan Heydər Əliyev Seyrəngahıdır. Park Bakı prospektinin hər iki tərəfində yerləşir və mozaika ilə bəzədilmiş, 24 metr uzunluğunda olan iki yolüstü piyada keçidi ilə birləşir.

Möhtəşəm heykəllər, fəvvarələr və mozaika ilə bəzədilmiş böyük daş söhbətgahlar istirahətə gələnlərin diqqətini çəkir. Parkda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə adlandırılmış iki bulaq kompleksi yerləşir. Heydər Əliyev bulaq kompleksində 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə və 80 fəvvarə quraşdırılıb. İlham Əliyev kompleksində isə 15 metr hündürlüyündə bulaq, 3 süni şəlalə və 48 fəvvarə yerləşir.

Fəvvarələr müxtəlif forma və ölçülərinə görə bir-birini üstələməyə çalışır. Belə ki, onlardan biri - nəhəng samovar və fincan şəklində olan fəvvarə 12 metr hündürlüyündədir. Digərində sanki göydən asılan çaydan təsvir edilib, içərisindən axan su çaya bənzədilib. Şərqdə həyatı çaysız təsəvvür etmək qeyri-mümkündür, çay Azərbaycan mədəniyyətində də xüsusi yer tutur. Təsadüfi deyil ki, məhz Xaçmazda çay mövzusuna aid bu qədər heykəltəraşlıq kompozisiyaları var. Burada Canaxır kəndində kurqanların birində 1982-ci ildə Azərbaycan ərazisində ilk tapılan samovar (eramızdan əvvəl III-II əsrlərə aid) aşkar edilib. Samovarla birgə tapılmış, yağla işləyən ənənəvi çıraq da bu parkdakı heykəltəraşlıq nümunələrinin birində əks olunub. Nəhayət, parkda Azərbaycan rəmzlərini göstərən heykəllər sırasını zərif səhəng tamamlayır. Adətən bu qabda qızılgül suyu (gülab) saxlanılır. Parkda, həmçinin tanınmış şair və dövlət xadimi, Səfəvilər Dövlətinin banisi Şah İsmayıl Xətainin (1487-1524) abidəsi qoyulub.

Hər parkda olduğu kimi, burada da istirahət edənlərə kafe, çayxana və restoranlarda xidmətlər göstərilir. Rahat skamyalar və xiyabanlar, zümrüd şəffaflığı ilə cəlb edən, yaxşı becərilmiş qazonlar daha yaxşı dincəlməyə şərait yaradır.

Xaçmaz şəhərində Mədəniyyət Xadimləri parkı

Xaçmazın tam mərkəzində yerləşən, Azərbaycanın tanınmış şəxsiyyətlərinə həsr edilən bu parkı açıq səma altında muzey də adlandırırlar. 2006-cı ildə park açılarkən burada 15 tanınmış şəxsiyyətin büstü qoyulmuşdu. 2010-cu ildə muzey bərpa edilib, 2013-cü ildə isə burada işıqlandırma sistemi, fəvvarələr və çiçək ləkləri yenilənib.

Hazırda 2 hektar ərazisi olan parkda 39 şair və yazıçının, mədəniyyət və incəsənət xadimlərinin büstləri, dahi Nizami Gəncəvinin abidəsi qoyulub. Burada, həmçinin tanınmış yazıçıların məşhur əsərlərindən süjet kompozisiyaları nümayiş etdirilir. Parkın ərazisində Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, M.F.Axundzadə adına şəhər kitabxanası yerləşir, həmçinin 5 fəvvarə və bulaq kompleksi fəaliyyət göstərir.

Xaçmaz şəhərində Çənlibel parkı

Xaçmazın digər görməli yerlərindən biri də Çənlibel parkıdır. Parkın adı ədalətsiz hökmdarlara qarşı xalq mübarizəsinə başçılıq edən Koroğlu eposunun qəhrəmanının yaşadığı yerin adından götürülüb. Parkda Koroğlunun at belində, əlində qılınc olan abidəsi diqqəti xüsusilə cəlb edir. Parkın divarlarında, həmçinin xalq eposundan və tarixdən bəzi səhnələr təsvir olunub.

Parkın 5 hektarlıq nəhəng ərazisində uşaqlar da darıxmayacaq. Burada çoxlu yelləncəklər, hər yerdə quraşdırılan rəngarəng heykəltəraşlıq kompozisiyaları - çoban sürüsü ilə, otların üstündə ördəklər, bir tərəfdə zürafə, məzəli inək, nağıl qəhrəmanı Şrekin fiquru və s. göz oxşayır. Süni şəlaləsi olan göldə ağ qu quşu dəstəsi yerində donub qalıb. Kran şəklində olan fəvvarə də diqqəti çəkir: sanki havadan asılı qalıb. Parkda çoxlu rahat skamyalar və kölgəli söhbətgahlar quraşdırılıb.

Xaçmaz şəhərində Fəvvarələr parkı

Xaçmazın görməli yerlərindən daha biri – Fəvvarələr parkı 2012-ci ildə tam bərpa edilərək istirahət edənlərin ixtiyarına verilib. Burada 1 hektarlıq ərazidə müxtəlif forma və quruluşa malik, hərəsi özünəməxsus nə az, nə çox - 7 nəhəng fəvvarə yerləşir. Parkın infrastrukturu xüsusilə axşamlar daha gözəl görünür: ustalıqla altdan işıqlandırılan fəvvarələr şırıltı ilə axaraq büllur təravətini ətrafa yayır.

Hər yerdə maraqlı heykəltəraşlıq kompozisiyaları quraşdırılıb: zürafə balası ilə, xortumu suya uzanan fil, nimfa (ilahə) əlində səbət və s. Parkda çoxlu kafe, çayxana, içki və dondurma satışı məntəqələri fəaliyyət göstərir.

Bundan əlavə, Fəvvarələr parkının ərazisində 29 min kitab fondu olan Uşaq Kitabxanasının binası və Xalça Muzeyi yerləşir. Muzeyin sərgisi arzu edənlərə Azərbaycanda xalçaçılıq sənətinin tarixi və müasir mərhələdəki inkişafı ilə tanış olmağa şərait yaradır. Muzeyin pavilyonlarında əsas yer ölkənin şimal bölgəsinin xalçaçılıq məktəbinin nümunələrinə ayrılıb. Burada 60-dək qədim xalça nümunələri ilə tanış olmaq mümkündür. Tanınmış xalçaçı-rəssam Kamil Əliyevin “Heydər Əliyevin xalça portreti” əsəri eksponatlar arasında xüsusi yer tutur. Bütövlükdə, sərgi bu gün Azərbaycanda xalçaçılıq məktəbinin növbəti yüksəliş dövrü yaşadığını açıq-aşkar nümayiş etdirir.

Parkın salındığı əlverişli məkan, xiyaban boyunca skamyaların qoyuluşu, sıralanmış çiçək ləkləri – bütün bunlar Fəvvarələr Parkını Xaçmaz sakinləri və şəhərə gələn qonaqların sevimli istirahət mərkəzinə çevirib.

Ardı var...

Emil Eyyubov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.