SİYASƏT


Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi Varşavada qeyd edilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, həmçinin Varşavada təhsil alan azərbaycanlı tələbələr Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə Varşavadakı Yuzef Polinski adına parkda ucaldılan “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət ediblər.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb.

Abidənin önündə çıxış edən səfir Həsən Həsənov Azərbaycan Ordusunun yaranma tarixi haqqında məlumat verib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusunun qurulmasındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edib. Səfir H.Həsənov məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə orduda peşəkar kadr hazırlığının əsasının qoyulduğunu və keçirilmiş islahatlar nəticəsində təcrübəli Azərbaycan Ordusunun yarandığını diqqətə çatdırıb.

Səfir H.Həsənov hər iki ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış general Matsey Sulkeviçin və Vəli bəy Yadigarın həyat və mübarizə yollarından bəhs edib, bu iki görkəmli şəxsiyyətin xalqlarımızın dostluğunun əsl nümunəsi olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.