ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda yəhudilik və xristianlıqla bağlı ixtisasların açılması planlaşdırılır

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutunda “Azərbaycanda yəhudilərin həyat tərzi” mövzusunda növbəti seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu qurumun rektoru Ceyhun Məmmədov Azərbaycanda dini icmalara böyük qayğı göstərildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu sahəyə xüsusi diqqəti danılmazdır.

Rektor bildirib ki, maarifləndirmə məqsədilə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən müxtəlif seminar, “dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulub. Həmçinin institutda İslamla yanaşı, Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrinin mədəniyyəti ilə bağlı araşdırmaların aparılması, gələcəkdə yəhudilik və xristianlıqla bağlı ixtisasların açılması planlaşdırılır.

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bu sahədə hazırlanacaq ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Dağ Yəhudiləri Dini İcması bu institutla əməkdaşlığa böyük maraq göstərir.

M.Yevdayev yəhudiliyin Azərbaycandakı tarixinin 2000 ildən çox olduğunu, təmsil etdiyi dağ yəhudilərinin Avropa yəhudilərinə nisbətən daha çox şərq xalqlarına bənzədiklərini vurğulayıb. Dağ yəhudilərinin təqribən 300 ilə yaxın Qubada məskunlaşdıqlarını bildirən M.Yevdayev “Qırmızı qəsəbənin” onların kompakt şəkildə yaşadıqları ən böyük yaşayış məskəni olduğunu deyib. O, ölkə yəhudilərinin Azərbaycan xalqı ilə əsrlərboyu dostluq və qardaşlıq şəraitində yaşadıqlarını və heç vaxt diskriminasiyaya məruz qalmadıqlarını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan antisemitizmin mövcud olmadığı nadir ölkələrdəndir. Dövlət tərəfindən yəhudi icmalarına xüsusi qayğı göstərilir, eləcə də maliyyə yardımı ayrılır, sinaqoqlar bərpa və təmir edilir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.