SİYASƏT


Bakıda “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilib   YENİLƏNİB VİDEO

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mayın 24-də Bakı İdman Sarayında “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Cümhuriyyət dövründə Bakının ictimai həyatını əks etdirən qısa səhnəcik nümayiş olunub.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib.

Daha sonra süvari dəstəsinin iştirakı ilə Azərbaycanın milli azadlıq mübarizəsini, eləcə də 1918-1920-ci illərdə ordu quruculuğu və Cümhuriyyət Ordusunun qazandığı zəfərləri əks etdirən səhnə təqdim olunub. Həmçinin hərbi orkestrin müşayiəti ilə Cümhuriyyətin yadigarı – Azərbaycan Respublikasının dövlət bayrağı səhnəyə gətirilib, dövlət himni səsləndirilib.

Sonra milli geyimli oğlanların və qızlar milli rəqslərimizi ifa ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin səs yazısı dinlənilib, Azərbaycan bayrağına həsr olunan şeir səsləndirilib.

Festivalda xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızda bütün sahələrin inkişafına, eləcə də Azərbaycanın tarixinin, mədəniyyətinin dərindən araşdırılaraq təbliğ edilməsinə göstərdiyi yüksək diqqət və qayğıya dair film nümayiş olunub. Filmdə Ulu Öndərin xilaskarlıq missiyası, dahi şəxsiyyətin Azərbaycanı vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən xilas edərək dinamik inkişaf yoluna çıxarması, gənc müstəqil respublikanı dünyada tanıtması, ölkəmizdə gənc nəslin inkişafına diqqət və qayğı göstərməsi geniş əksini tapıb.

Sonra ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın sürətlə inkişaf edərək regionun lider dövlətə çevrilməsindən, Silahlı Qüvvələrimizin bölgənin ən güclü ordusu olmasından və ölkəmizin bütün sahələrdə qazandığı nailiyyətlərdən bəhs edən film göstərilib.

Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə həyata keçirilən irimiqyaslı layihələrə, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada təbliği istiqamətində görülən işlərə dair videoçarx nümayiş etdirilib.

1918-ci il mayın 28-də ağır ictimai-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində ən mühüm hadisələrdən biridir. Cümhuriyyətin qurucuları müsəlman Şərqində ilk demokratik, parlamentli respublika yaratmaqla xalqımızın müstəqillik arzularını reallığa çevrilməklə yanaşı, Azərbaycan xalqının müstəqil yaşamağa, mütərəqqi, demokratik dəyərlərə əsaslanan dövlət qurmağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın gələcək müstəqilliyi üçün zəngin siyasi və hüquqi irs formalaşdırdı. Məhz bunun nəticəsidir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Cümhuriyyətin hüquqi varisi elan etdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dərindən tədqiq olunması və onun fəaliyyətinin geniş təbliği istiqamətində görülən işlər daha sistemli və genişmiqyaslı xarakter aldı. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də Cümhuriyyət irsinin, onun mütərəqqi dəyərlərinin öyrənilməsinə və təbliğinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinin geniş qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncamları Cümhuriyyətin fəaliyyətinə göstərilən yüksək ehtiramın bariz göstəricisidir. Dövlətimizin başçısının sərəncamlarına əsasən Cümhuriyyətin yaradılmasının 100 ilik yubileyi respublikamızla yanaşı, müxtəlif ölkələrdə də geniş qeyd olunur.

“Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı da bu silsilə tədbirlər çərçivəsində təşkil olunub. Festival Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı”nın 13-cü bəndinin icrasını təmin etmək məqsədilə keçirilib. Ümumilikdə 1500-dək gəncin qatıldığı festival çərçivəsində son 100 ildə ölkəmizdə baş verən proseslərin və qazanılan uğurların Azərbaycan gəncləri arasında təbliği məqsədilə sərgi təşkil olunub.

Festival respublikamızın tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.